Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.
İslam ölkəsi olan Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri Azərbaycanda bu icmalara dözümlü münasibət mövcuddur. Məscidlərlə yanaşı kilsə, sinaqoq və s. olması ölkəmizdəki tolerant mühitə əyani sübutdur.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu qanunda öz əksini tapır.
Müstəqillik əldə edildikdən bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”. Hökumət dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edilməsindən keçən 21 il ərzində bu qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirmiş və müasir prinsiplərə uyğun şəkildə formalaşıb.
Dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi vacib məsələlərdən biridir. Belə ki, Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanın yaradılmasına ehtiyac var idi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.
İllər öncə yaradılan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini icmalar arasında gərginliyin mövcud olmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.
İnternet səhifəmizdə dərc olunan məlumatlardan istifadə edərkən istinad etmək mütləqdir. Saytın hazırlanmasında www.azerbaijan.az, www.mct.gov.az, www.mehriban-aliyeva.org internet səhifələrinə istinadən bəzi məlumatlar dərc olunmuşdur.