"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi dövlətimizin əsas priorotetlərindən hesab olunur. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin də əsas fəaliyyət sahəsi Azərbaycan reallıqlarını, mədəniyyətini, tolerantlığını, dövlət quruculuğunu və s. dünya ictimaiyyətinə çatdırmaq və Azərbaycanın ümumi maraqlarını müdafiə etməkdən ibarətdir.

Xalqımızın mədəniyyəti qədim və zəngindir. Şərq və Qərbin kəsiyində yerləşən Azərbaycan dünya mədəniyyətinin yaranmasında çox böyük rol oynamışdır. Azərbaycan xalqı haqlı olaraq öz tarixi abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə öyünür. Müsəlman Şərqində ilk dünyəvi teatr, ilk opera, ilk balet, ilk Elmlər Akademiyası Azərbaycanda yaradılmışdır. Zəngin mədəniyyət irsi olan Odlar yurdu Azərbaycan eyni zamanda ecaskar musiqinin vətəni kimi tanınır. Xalq mahnıları, rəqslər və aşıq sənəti Azərbaycan milli musiqi sənətində özünəməxsus yer tutur.