Samir Xasıyev (23 aprel 1973, Bakı − mart 1995) — Azərbaycanın Milli Qəhrəmanı.
20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. Samir Xasıyev ziyalı ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunan Samir Xasıyev hərbi borcunu yerinə yetirmək üçün ordu sıralarına gedib. Samir Xasıyevin döyüş yolu 1994-cü ilin əvvəllərindən başlayıb. O, Ağdam, Ağdərə, Tərtər istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. O, özünü əsl vətənpərvər, igid, hərbi sənətini sevən və torpaqları uğrunda canından keçməyə hər an hazır olduğunu, bu döyüşlərdə çoxsaylı qəhrəmanlıqlar göstərib.
Samir Xasıyev Tərtər uğrunda gedən savaşda erməni işğalçılarının mühasirəsinə düşən döyüş yoldaşlarının mühasirədən çıxmasında misilsiz xidmət göstərib. O düşmənin zəif nöqtələrinin müəyyən olunması məqsədi ilə dəfələrlə kəşfiyyat əməliyyatlarında da iştirak edib. Bu zaman o, döyüş yoldaşları ilə birlikdə düşmənin sirlərini üzə çıxarmaqla yanaşı, onların canlı qüvvəsi və texnikasını sıradan çıxarıb. Bu döyüşlərdə Samir Xasıyev bir neçə dəfə yaralanıb, lakin sağaldıqdan dərhal sonra yenidən döyüş bölgəsinə qayıdıb. Samir Xasıyev göstərdiyi hərbi xidmətlərə görə dəfələrlə mükafatlar, medallar, fəxri fərmanlarla tərtib olunub. İki aylıq zabit kursunu əla qiymətlərlə bitirdikdən sonra artıq leytenant qismində döyüş bölgəsinə qayıdan Samir Xasıyev yenidən vətənin düşmənin işğalından xilas olunmasında fəal iştirak edib.
1994-cü ildə Samir Xasıyev Gəncəyə ezam olunub, burada xidmət etdiyi zaman o, dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib və buna görə hərbi xidmətlərinə görə medalla təltif olunub. 1995-ci ilin martında Azərbaycanda növbəti dövlət çevrilişinə cəhdinin qarşısının alınmasında da fəal iştirak edən Samir Xasıyev Azərbaycan dövlətçiliyinin qorunması məqsədi ilə aparılan hərbi əməliyyatlar zamanı həlak olub.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Samir Xasıyevə döyüşlərdə qəhrəmanlıqlarına görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı fərmanı ilə Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin ikinci Şəhidlər xiyabanında dəfn edilib.
Qəhrəmanımızın adına Nərimanov rayonunda park var, parkda büstü qoyulub.