Xanoğlan Məmmədov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət etmişdir.
Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.