"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Rövşən Telman oğlu Əkbərov

Əkbərov Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant.

Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.

1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur.

1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.

1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993-1995-ci illərdə “N” saylı hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur. Rövşən Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə rəhbərlik etdiyi birqadası ilə xüsusi şücayət və qəhramanlıqlar göstərmişdir.

2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Şəmkir korpusunun komandiri təyin olunub.

Ailəlidir, dörd övladı var.

Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.