Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “Vikipediya” Elektron Ensiklopediyasında “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə festivalın yaranması, onun adının mənşəyi, belə bir tədbirin məhz Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, habelə digər maraqlı tarixi məlumatlar yer alıb.
Virtual bölmədə Azərbaycanda qədimdən Xarıbülbül adlanan gülün ölkənin Şuşa və Qarabağ yaylasında geniş yayıldığı qeyd olunur, Qarabağ münaqişəsi başlanandan sonra isə Xarıbülbülün Azərbaycan xalqının mübarizəsinin rəmzinə çevrildiyi vurğulanır. Bir çoxları üçün Xarıbülbül nisgil, kədər, ağrı, həsrət simvolu kimi xatırlanıb.
Materialda qeyd olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi geniş istifadə olunur. Xarıbülbül əzəmət, məğrurluq, qələbə və azadlıq müharibəsinin, şəhidlərin əziz xatirəsinin və Azərbaycan ordusunun zəfər simvoluna çevrilib.
Bölmədə festival haqqında geniş məlumatlar yer alıb. Qeyd olunur ki, Azərbaycanın məşhur xanəndəsi, Şuşa xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən festival keçirilməyə başlanıb, 1990-cı ildə isə beynəlxalq status aldıqdan sonra festivalda Türkiyə, Yaponiya, ABŞ, Almaniya, İsrail, Niderland, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və sabiq SSRİ məkanından ölkələr iştirak edib. Festival çərçivəsində konsertlərin Azərbaycanın Qarabağ bölgəsinin Ağdam, Bərdə və Ağcabədi şəhərlərində də keçirildiyi bildirilir.
Virtual səhifədə 1992-ci ildə mayın 15-də başlanmalı olan dördüncü festivalın ləğvindən də bəhs olunur. Vurğulanır ki, dünyanın 30-dan çox ölkəsindən 500 nəfər musiqiçinin iştirak edəcəyi “Xarıbülbül” festivalının keçirilməsi planlaşdırılsa da, erməni təcavüzü, Qarabağda müharibənin alovlanması və tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən ləğv olunub.
“Festivalın bərpası” adlı bölmədə 28 ildən sonra 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi haqqında danışılır.
Qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada “Xarıbülbül” festivalının dirçəldilməsinin zəruriliyini bildirib.
Bölmədə vurğulanır ki, Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın Mədəniyyət paytaxtı elan edib və bu sənəddə Şuşada “Vaqif Poeziya günləri”nin, “Xarıbülbül” musiqi festivalının bərpa olunması öz əksini tapıb.
Bildirilir ki, 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı 30 ildən sonra yenidən keçirilib.
Bölmədə “Xarıbülbül” festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, Azərbaycanda yaşayan xalqların folklor ansambllarının, habelə müxtəlif illərdə Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın lent yazıları yer alıb.
“Vikipediya”da Azərbaycan dilində olan “Xarıbülbül musiqi festivali” adlı virtual bölmə də əlavə və dəyişikliklər edilərək zənginləşdirilib.
Bölmədə bu il keçirilən festivalla bağlı iştirakçıların siyahısı, onların ifaları haqqında məlumat və fotoşəkillər öz əksini tapıb.
Özbək dilində istifadəyə verilən “Xarıbulbul musiqi festivali” adlı virtual bölmə ilə https://uz.wikipedia.org/wiki/Xaribulbul_musiqa_festivali linkində tanış olmaq mümkündür.