Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, daha dəqiq mərkəzin vitse prezidenti Rasim Məmmədovun təşkil etdiyi tədbir Ukrayna Azərbaycanlılarını bir araya toplayıb. Ukraynanın Donetsk şəhərində keçirilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, içtimai xadimləri iştirak edib. Bundan başqa Ukraynanın bütün regionlarından yüzlərlə həmyerlimiz də tədbirə qatılıb. Azərbaycanı respublikanın xalq artistləri Afaq Bəşirqızı, Səkinə İsmayılova, Məleykə Əsədova, Bilal Əliyev, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, əməkdar incəsənət xadimi, yazıçı – publisist Yasif Nəsirov, əməkdar artist Səlim Abbasov təmsil edib.
Bundan başqa tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri, orada təhsil alan azərbaycanlı tələbələr, Ukraynada olan cüdo üzrə azərbaycanlı idman ustaları, Donetsk Milli Tibb Universitetinin rektoru, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, həmçinin Rusiya Federassiyasının Sankt Peterburq şəhərində yaşayan soydaşımız, Dünya Azərbaycanlılarınnın Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri Zaur Tanrıverdiyev də iştirak edib. Tədbiri Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliynin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Möhlət Hüseynov açıq elan edib. Rəsmi hissə ilə start götürən bir neçə saatlıq tədbir, daha sonra incəsənət xadimlərinin çıxışı və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Qeyd edək ki, tədbir çərçivəsində Möhlət Hüseynov, Zaur Tanrıverdiyev və Əliqismət Lalayev “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin” “Sabitlik və İnkişaf” mərkəzi ilə birlikdə təsis etdiyi “Əbədi Lider” qızıl döş nişanı ilə təltif edilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri, Ukraynada təhsil alan bir neçə tələbə və digər qonaqlar Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəxri fərmanlarına layiq görülüblər.
Sonda tədbir iştirakçıları yekdilliklə 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Və Prezident İlham Əliyevə 315 nəfərlik müraciət də ünvanlanıb.