"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Gültəkin Məlik qızı Əsgərova

Gültəkin Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.

Gültəkin Əsgərova ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

  • Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur.
  • Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
  • Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
  • Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
  • Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.

20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunmuşdur.