"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Zaur Rəşid oğlu Sarıyev

Zaur Sarıyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərəkşəhidlik zirvəsini fəth etmiş fateh.

1974-cü il 28 iyun Şəmkir rayonunda anadan olmuşdur. 1981-1989-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur “N” saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi.

Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi. Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər bu əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirədən çıxdılar. Zaurun əl-ayağı donmuşdu, iki ay müalicə olunan cəsur düyüşçü yenidən səngərə dönür. Zaur çavuş rütbəsi alaraq qrup komandirliyi vəzifəsinə təyin edilir. Uzun və şərəfli döyüş yolu keçmiş Zaur ağlına belə gətirməzdi ki, qarşıda dövlətimiz, Vətənimiz üçün daha təhlükəli günlər var. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstənin zərərsizləşdiriləməsində canlarından belə keçən döyüşçülərdən biridə Zaur idi. Zaur Sarıyev silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qəhrəmanımız Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilib.