"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Dilqəm Heydər oğlu Nağıyev

Dilqəm Nağıyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır.

Bakıdakı “N” saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu,Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13-17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etdi. Qarşı tərəfdən açılan atəş gənc Dilqəmin arzularla dolu ömrünü qırdı…

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Mingəçevirdəki 9 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.