Samir Zülfüqarov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə “N” saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17 mart 1995-ci il Samir əbədiyyətə qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdi.
Şabran rayonunun Ağbaş kəndində dəfn edilib.
Şabran rayonu üç saylı orta məktəb onun adını daşıyır.