Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.
1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.
Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Subay idi.
Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.