11 dekabr 2014-cü il tarixində Odlar Yurdu Universiteti, Gənc Politoloqlar Mərkəzi və “Mərd Petrol” şirkətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi. Anım mərasimində OYU-nun professor-müəllim heyəti, tələbə kontingenti, eyni zamanda Gənc Politoloqlar Mərkəzinin əməkdaşları və “Mərd Petrol” şirkətinin rəhbərliyi iştirak edirdi.
Mərasim iştirakçıları öncə universitetimizin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül-çiçək dəstələri düzdükdən sonra akt zalında toplaşdılar. Anım mərasimini giriş sözü ilə OYU-nun rektoru, millət vəkili, prof. Əhməd Vəliyev açıq elan edərək,ulu öndərin həyatından və xalqımıza misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış etdi.
Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Mərd Petrol şirkətinin təsisçisi və rəhbəri Ərcan Turan, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, əməkdar incəsənət xadimi Yasif Nəsirov, Türk iş adamları birliyinin idarə heyətinin sədr müavini Səlcuq Düzgün və digər iştirakçılar çıxış etdilər.
Tədbirin davamı olaraq ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş olimpiadaların qalibləri fəxri fərmanla təltif olunduqdan sonra, bədii hissəyə keçildi.