Dövlətimiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra diaspor təşkilatlarının formalaşdırılmasına, milli şüurda “Tarixi Vətən”, “xaricdə yaşayan azərbaycanlılar” anlayışlarının müstəqillik və demokratiya dəyərləri üzərində daha da canlandırılmasına yönəldilən siyasət və bu yolda qazanılan uğurlar davam edir. Buna nail olmaqda qeyri hökumət təşkilatlarının rolu böyükdür.
Hər şeydən öncə, qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin vaxtilə hələ sovet dövründə uğurlu yol dediyi “Vətən” cəmiyyətinin təşəbbüslərinin yeni biçim və genişliklə davamı, azərbaycançılıq siyasətinin müasir beynəlxalq sosial siyasi münasibətlər sistemində uzaq – uzaq ellərə yola başlaması müasir Azərbaycan Xalq diplomatiyasının ən yeni forması kimi dəyərləndirilir.
Bu gün respublikamızda həmin yolla irəliləyən qeyri – dövlət təşkilatları sırasında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (Xalq şairi Söhrab Tahirdir), eləcə də Sabitlik və İnkişaf Mərkəzi də vardır. Bu təşkilatlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun həyata keçirilən diaspora siyasəti milli ideologiyamıza sıx bağlılıqla təbliğ edilir, diaspora təşkilatlarının əhatə dairələrinin genişləndirilməsinə qayğı ilə yanaşılır, beləliklə də, ölkəmizin beynəlxalq imicinin yaxşılaşmasına, soydaşlar arasında mədəni bağların daha da möhkəmlənməsinə, qürbətdə yaşayan həmvətənlərimizin tarixi vətən üçün həmişə qiymətli olmasına sağlam milli – mənəvi təminat yaradılır.
Yaxın və uzaq xaricdə yaşayan soydaşlarımız həmin təşkilatlarda müvafiq olaraq vitse – president və mərkəzin sədri işləyən Rasim Məmmədovu, Xalq şairi Söhrab Tahiri yaxşı tanıyırlar. Onlar insanlarla çox asanlıqla ünsiyyət yaratmağı, hər kəsə örnək ola biləcək fikirləri səmimiyyətlə söyləməyi, milli – mənəvi dəyərlərimizə, cəmiyyətdə cərəyan edən hadisələrə münasibətdə obyektiv münasibət bildirməyi bacaran fəal həyat mövqeyinə malik vətəndaşlarımızdandırlar.
Rasim Məmmədovun özünün bir müsahibəsində dediyi sözlər bu baxımdan diqqətəlayiqdir: “Azərbaycanın nicatı, onun sabitliyi və inkişafı yalnız Heydər Əliyev ideologiyasına xidmətdədir”. Rasim Məmmədov diaspora təşkilatları ilə görüşlərdə Ermənistan – Azərbayjan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, erməni separatizmininxalqımıza qarşı törətdiyi Xocalı soyqırımının günahkarlarının beynəlxalq miqyasda tanınmasında dövlət qurumlarının, xüsusilə də Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən ürəkdolusu və cəsarətlə söhbət açır.
Ümumiyyətlə, bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasətinin təbliği hər iki qurumun fəaliyyətinin əsas mövzusudur. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tarixi vətənə bağlılıq, respublikamızın iqtisadi – siyasi sahələrdə qazandığı uğurları xaricdə yaşayan həmvətənlərimiz önündə qürurla təbliğ edən vətənpərvər sıranəfəridir. Mərkəz həmin işlərə ölkəmizin Xalq arasında hörmətlə tanınan, məşhur ziyalılarından ibarət müxtəlif qrupları cəlb etməklə xaricdə tez-tez görüşlər təşkil edir, dövlətçilik tariximizin şanlı səhifələrinə aid yubiley gecələri, mədəniyyət günləri keçirir. Bu tədbirlərin ən təntənəlisi Ulu Öndər Heydər Əliyevin 90 illiyi şərəfinə təşkil olunmuşdu. Həmin tədbirlərdən birinin məşhur neftçilər şəhəri uzaq NiJni Vartovskda (Rusiya Federasiyası) keçirilməsi təsadüfi deyildi. Rusiyanın neft və qaz sənayesi mərkəzlərindən biri olan bu şəhərin dünya xəritəsində yer almasında Azərbaycan oğullarının əməyi böyükdür. Hazırda bu şəhərdə xeyli soydaşımız yaşayır və çalışır. Onlarla tez-tez görüşmək, diaspora təşkilatı kimi onların daha da güclənməsi və genişlənməsi üçün həmvətənlərimizin tarixi vətəndən güc alması həmişə faydalıdır.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin iş təcrübəsi göstərir ki, diaspora təşkilatlarıilə bağlı tədbirlərə ancaq soydaşlarımız deyil, xeyli yerli insanların da məmnuniyyətlə qoşulmalarında təşəbbüskar olmaq strateji maraqlara xidmət edən niyyətdir. Ona görə də həmin tədbirlərin keçirilməsində əsas məqsəd, sadəcə, günün ictimai – siyasi nəbzini tutmaq deyil, həmin məkanı qısa müddətə də olsa, lakin sanballı özüllə azərbaycanlılaşdırmaq, həmvətənlərimizə, onların yerli dostlarına, qohumlarına, hətta qonşularına belə xırdaca bir mədəni diqqət yetirmək, ümumiyyətlə, hər bir adi vətəndaşa AZƏRBAYCAN anlayışını mədəni yolla açıqlamaq, tanıtmaqla onu sabahkı həyatımıza bağlamış oluruq.
Mərkəz məhz bu yolla bizim üçün doğma olan insanlarımızın öz kökündən, tarixindən, ana dilindən, dostluq ruhundan ayrı düşməsinə imkan vermir, hətta bəzi problemlərin çözülməsi üçün səlahiyyətli söz sahibləri qarşısında da məsələ qaldırmağı, söz açmağı da bacarır. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi vətənimizin Qarabağ problem və bununla bağlı digər məsələlər barədə diaspora nümayəndələrinin müraciətlərinin yaşadıqları ölkələrin dövlət orqanlarına çatdırılması istiqamətdə yardımçı olmağa təşəbbüs göstərir, diaspora təşkilatlarının fəallığına, tədbirlərinə kütləvilik xarakteri verməyə çalışır.
Mərkəz təşkil etdiyi görüşlərə təkcə həmin regionun nümayəndələrinin cəlb edilməsi ilə kifayətlənmir, ətraf rayonlardan diaspora təşkilatlarının, din adamlarının, idmançıların qatılması ilə tədbirlərinin maraqlı və yaddaqalan olmasını təmin edir. Hər iki mərkəzin fəaliyyətində kitab nəşri işi ilə təşviqat aparmaq xüsusi maraq doğurur. Çünki həmin çap məhsulları ancaq Azərbaycanın deyil, həmin ölkənin ictimai – siyasi həyatı ilə də bağlı olur və belə bir qarşılıqlı əlaqələr hər iki ölkənin mədəni həyatına eyni ucalıqdan işıq saçır, yadiğar söz kimi yaşayır. Məsələn, bu yaxınlarda Ukraynada çapdan çıxmış “1900-1917-ci illərdə Ukraynada təhsil almış azərbaycanlı tələbələrin Ukrayna hökumətinin qurulmasında rolu” kitabı hər iki ölkənin ziyalıları tərəfindən maraqla qarşılanmışdır. Mərkəzin təsis etdiyi “ƏBƏDİ LİDER” qızıl döş nişanı və Fəxri Diplomla tanınmış ziyalılarımzın, elm – mədəniyyət xadimlərimizin Ümummilli lider Heydər Əliyevin şərəfinə təltif olunmaları ictimaiyyət tərəfindən hörmətlə qarşılanır.
Hazırda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü, Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə may ayının 3-də əsrarəngiz bəyaz gecələr şəhəri Sankt-Peterburqda təntənəli tədbir keçirməyə gərgın hazırlıqlar gedir. Sankt-Peterburqun məşhur Akademik Filarmoniyasında baş tutacaq bu möhtəşəm gecəyə maraq indidən böyükdür.