"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Rasim Məmmədov: Bu kitabda çoxları öz nəslindən olan nümayəndələrini tapacaq

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun SƏS TV – yə müsahibəsi: 

– Yenicə işıq üzü görmüş azərbaycanlı tələbələrin Ukraynanın ictimai-siyasi həyatında rolundan bəhs edən kitab haqqında məlumat verərdiniz.

– Bəhs etdiyimiz kitab Ukraynada yaşayan vətənpərvər, ləyaqətli oğullarımızın hesabına ərsəyə gəlib. Bildiyiniz kimi, biz bu yaxınlarda Şöhrət ordenli xalq şairimiz Zöhrab Tahirin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliyinə Möhlət Hüseynovu rəhbər təyin etmişik. Möhlət Hüseynov olduqca vətəninə, millətinə bağlı insandır. Biz sentyabr ayında prezident seçkiləri ilə bağlı tədbir keçirdik və həmin ərəfədə Möhlət Hüseynov bizə məlumat verdi ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə belə bir kitab nəşr olunacaq. Bəhs etdiyimiz kitab 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü işıq üzü görüb. Sözügedən kitabda azərbaycanlı tələbələrin 20-ci əsrin əvvəllərindən bu günümüzə qədər ictimai-siyasi həyatda rolu və fəaliyyəti haqqında danışılır. Az öncə qeyd etdiyim kimi, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Ukrayna Tələbə Gənclər Təşkilatı ilə birlikdə prezident seçkiləri ilə əlaqədar tədbir keçirib. Həmin tədbir zamanı Tələbə Gənclər Təşkilatının sədri Anar Tahirovla kitabın ərsəyə gəlməsi ilə bağlı söhbətimiz oldu. Biz bu barədə geniş müzakirələr apardıq. Onun ilkin nümunəsini Ukraynadakı nümayəndəliyimiz bizə göndərdi. Nəzərinizə çatdırım ki, bu kitabla yanaşı eyni zamanda digər bir kitabda işıq üzü görüb.

Sözügedən kitabda erməni tələbələrin bu dövrlər ərzində Ukrayna dövlətində rolu, orada yaratdıqları problemlər və münaqişə zəminində göstərdikləri fəaliyyətləri öz əksini tapıb. Bu kitab Ukraynanın Kiyev şəhərində ərsəyə gəlib və kitab bu ölkənin elm xadimlərinin imzası ilə yazılıb. Eyni zamanda, bəhs etdiyim kitabda o dövrlərdə azərbaycanlı tələbələrin birləşərək tələbə gənclər təşkilatı yaratmaq istəyinə və bu zaman qarşılaşdıqları problemlərə də toxunulub. Həmin gənclər Ukraynada təhsil aldıqdan sonra burada Azərbaycanın milli azadlığı uğrunda müxtəlif şəkildə mübarizə aparıblar. Hesab edirəm ki, bu kitabı oxuduqdan sonra hətta, çoxları öz nəslindən olan nümayəndələri tapacaqlar. Çünki bu kitab 1917-2013 illəri əhatə edir və bu da yüz ildən artıq bir müddət deməkdir.

1917-ci ildə Ukraynada təhsil alan tələbələr orada yalnız elmə yiyələnməklə kifayətlənməyiblər. Eyni zamanda, onlar Azərbaycanın ilk milli azadlıq toxumlarını səpiblər. Biz onların və bir çox vətənpərvər insanlarımızın səyləri nəticəsində bu gün müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Sözügedən kitab bugünkü Azərbaycan Tələbə Gənclər Təşkilatına ən qiymətli hədiyyə və töhfədir.

– Bəhs etdiyiniz kitab Ukraynada rus dilində nəşr olunub. Bu kitabı azərbaycan və ya başqa dillərə tərcümə etmək kimi planınız varmı?

– Əlbəttə ki, bizim hörmətli səfirimiz bu kitabın ön sözünü yazıb və kitabın azərbaycan və ingilis dillərində də nəşr olunmasına üstünlük verdiyini qeyd edib. Sözügedən kitabın məhz rus dilində yazılmasına səbəb Ukraynada yaşayan insanların böyük əksəriyyətinin bu dildən istifadə etməsidir. Eyni zamanda, keçmiş SSRİ ərazisində yaşayan xalqlar rus dilini bildiyindən bu kitabı asanlıqla oxuya biləcəklər. Kitabın azərbaycan dilində işıq üzü görməsi də qarşıya qoyulan vacib məsələlərdən biridir.

– Keçmişə nəzərən bu gün azərbaycanlı tələbələrin Ukraynanın ictimai-siyasi həyatında rolunu necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, bu gün Azərbaycanla bağlı istənilən təşkilat və ya müəssisə olduqca sürətlə inkişaf edir. Prezident İlham Əliyev dünyada mükəmməl siyasəti ilə seçilən və kifayət qədər yüksək reytinqə malik olan şəxsiyyətdir. Belə bir prezidentin rəhbərliyində olan xalqın mükəmməl olması təbii ki, gözləniləndir. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə fəaliyyət göstərən, Azərbaycanın adını daşıyan istənilən təşkilat və müəssisə digərlərindən daima öz sürətli inkişafı ilə seçilməkdədir.