"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Rasim Məmmədov: “Azərbaycanda dini cərəyanlara ehtiyac yoxdur” MÜSAHİBƏ

Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədovun SƏS TV-yə müsahibəsi:

– Rasim müəllim, ilk öncə təmsil olunduğunuz qurumun fəaliyyəti və gələcəkdə görəcəyi işlər haqqında məlumat almaq istərdik?

– Sabitlik və İnkişaf Mərkəzi adından da göründüyü kimi Ümummilli lider Heydər Əliyevin “sabitlik olmayan ölkədə inkişafdan söhbət gedə bilməz” ifadəsindən yaranan bir addır. Qurum 2003-cü ildən təsis olunub və 2005-ci ildən fəaliyyətə başlayıb. Biz ölkədə sabitliyin qorunması üçün bir ictimai təşkilat kimi gənclərimizlə fəal iş görməyi, Ulu öndərin müəqddəs ideyalarının nə dərəcədə əhəmiyyətli və böyük olduğunu Azərbaycan xalqına, dövlətinə verdiyi töhvələrdən danışmağı prioritet seçmişik. Bilirsiniz, televiziyada, yazılı mətbuatda vətəndaş sual verib cavab ala bilmir və bu proses birtərəfli qaydada gedir. Amma insanlarla fərdi qaydada üzbəüz əyləşərək onlara Azərbaycan dövlətçiliyinin böyüklüyündən, əhəmiyyətindən və Ümummilli liderin yaratdığı dövlətdən, ölkə rəhbəri cənab İlham Əliyevin uğurlu siyasətindən danışarkən o, narazı və ya inana bilmədiyi hər hansı məsələlərə aydınlıq gətirilməsi üçün sual verir və biz o sualları cavablandıraraq həmin şəxslərə düzgün istiqamət verməyə çalışırıq. Məhz bunun üçün də Sabitlik və İnkişaf Mərkəzi Azərbaycanda sabitliyin qorunması və ölkədə inkişafa nail olunmuş, eləcə də dövlətimizin dünyada təbliği ilə məşğuldur.

– Son günlər Azərbaycanda dini cərəyan adı altında bəzi faktlar ortaya çıxıb. Sizin buna münasibətiniz necədir?

– Deyə bilərəm ki, Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev digər dövlət başçılarından fərqli olaraq müstəqil siyasət yürüdür. Bu gün azərbaycanlı və ölkə vətəndaşı olaraq, xüsusilə də hakimiyyət strukturlarında vəzifə tutan, ümummilli liderimizin müqəddəs ideyalarını qoyub hər hansı bir təriqətin ideologiyasına xidmət etmək bağışlanılmaz günah, səhv hərəkət və hətta xəyanət hesab olunur. Əlbəttə, sərhədlər açılandan sonra xeyli sayda gəncimiz xarici ölkələrdə təhsil alıblar. Onların bəziləri təhsil aldıqları müddətdə müəyyən cərəyanlara, təriqətlərə, qruplara və şəbəkələrə qoşulurlar. Azərbaycan dövlətinin gücü ondadır ki, bu şəbəkələri və həmin insanları hər zaman nəzarətdə saxlayıb. Bunun üçün də azərbaycançılığa, Azərbaycan naminə dövlətimizə sədaqətli olmaq hər bir insan üçün elə də asan deyil. Ulu öndərin sözləri ilə desək “sədaqətin ölçü vahidi zamandır”. Bu gün mən nurçuluq adı altında bəzi məmurların fəaliyyətindən çox təəssüflənirəm. Hesab edirəm ki, bu, çox acınacaqlı və bağışlanılmaz səhvdir. İnanın ki, bu kimi insanlar Azərbaycanda az deyil. Bu, tək Elnur Aslanov deyil, eləcə də onun yaxın ətrafı, dostluq elədiyi insanların hər biri din pərdəsi altında həmin şəbəkəyə qoşulublar. Əgər bunun vaxtında qarşısı alınmasa idi sonradan ağır nəticələri ola bilərdi. Baxsanız görərsiniz ki, onlar bu gün Türkiyə kimi stabil bir dövləti hansı vəziyyətə salıblar. Mən Elnur Aslanovun yazdığı məktbuları oxuyarkən şoka düşürəm. Çünki bütün dünya dövlətləri Ümummilli lider Heydər Əliyev siyasətindən və modelindən istifadə etmək istəyirlər ki, xalqı xoşbəxt gələcəyə aparsınlar. Bu gün Azərbaycanda Elnur Aslanovun silahdaşları var. Mən onlara demək istəyirəm ki, onlar doğru yolda deyillər. Ancaq Vətənə, dövlətə və Heydər Əliyev siyasətinə, ideologiyasına xidmət etmək lazımdır.

– Ümumiyyətlə, Azərbaycanlıların Suriyaya gedərək orada döyüşməsi və onların ölkəmizə hansısa iğtişaşlara cəhd etmələri haqqında nə deyə bilərsiniz?

– Bu gün Azərbaycan dövləti yeganə tolerant dövlətdir ki, bütün dinlərə hörmətlə və bərabər şəkildə yer verir. Yəni bizim dinimiz İslam dini olsa da, Azərbaycanda xristian, provaslav, katolik və s. dinlər fəaliyyət göstərir və bütün xalqların nümayəndələri ölkəmizdə bərabərhüquqlu şəkildə yaşayırlar. Təbii ki, bunun da bariz nümunəsi Azərbaycan dövlətinin möhkəm, qüdrətli olması və onun başında duran Ali Baş Komandanımız cənab İlham Əliyevin müstəqil siyasət aparmasıdır. Bu cür tolerant bir dövlətdə dini cərəyanlara ehtiyac yoxdur. Sadəcə olaraq bu, Azərbaycanı daxildən parçalanmağa hesablanıb. Ölkəmiz demək olar ki, vəhabilərlə, “nurçu”larla, eləcə də digər cərəyanlarla, təriqətlərlə çox düzgün iş aparır. Çünki Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli lider Heydər Əliyev elə bir dövlət qurub ki, hər bir şey nəzarətdə saxlanılır. Sadəcə olaraq onların təhlükəyə çevrilməsi anında, zamanında qarşısı alınır. Bu insanlar elə bir şəbəkədirlər ki, onlar hər bir şeyi dinlə bağlayırlar. Həmin şəxslər din pərdəsi adı altında terrora, ictimai sabitliyin pozulmasına və kütləvi iğtişaşlara xidmət edirlər. Bəzən görürsən ki, bir insan xarici dövlətə gedir orada uzun müddət işləyir, böyük bir var-dövlət əldə edir və geriyə qayıtdığı zaman burada xeyriyyəçilik missiyası ilə məşğul olur. Amma o maliyyə mənbəyini xalq bilmir ki, haradan maliyyələşir. Bəzən görürsən ki, xalq onların arxasınca gedir. Ancaq Azərbaycan dövlətinin gücü ondadır ki, xalqı oyadaraq onun bu fəaliyyətlə bağlı məqsədini açıqlayır və ifşa edir.

– Son olaraq Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dağlıq Qarabağ probleminin həlli yolu kimi bu ərazilərin Rusiyanın tərkibinə qatılmasında görüb və bununla bağlı fikirlər səsləndirib. Bu haqda siz nə düşünürsünüz?

– Ümumiyyətlə, Vladimir Jirinovski tutduğu mövqedən və siyasi fəaliyyətindən də göründüyü kimi anormal insan obrazı canlandırır. Bu insanın sözü dövlət adından deyilən söz deyil. V.Jirinovski özü üçün yəni, siyasi bir divident toplamaq üçün bu fikirləri söyləyib. Cəmiyyətin problemi bundadır ki, Rusiya televiziyalarında Jirinovski ilə digər başqa politoloqlar, siyasətçilər debat apararkən yüz minlərlə səsi məhz bu insan öz xeyrinə dəyişib. Beləcə axmaq düşüncələrə xeyli sayda insan səs verir, amma məntiqə əsaslanan gözəl alimə, akademikə səs verən yoxdur. V.Jirinovskinin bu fikirlərinin arxasında ermənipərəst, erməni diasporasının rolu da danılmazdır. Bu insan heç vaxt özbaşına bu fikirləri söyləyə bilməz. Həmin insanın çörəyi ancaq və ancaq danışmaqdan çıxır. Ümumiyyətcə bu insan şovinist biridir.