"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Daim qəlblərdə yaşayacaq LİDER

İctimai-Siyasi Universitetdə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

Dünən İctimai-Siyasi Universitetdə Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı “Azərbaycan dünyanın iqtisadi-siyasi mərkəzinə çevrilir” mövzusunda dəyirmi masa keçirilib. Maraqlı müzakirələr, diskussiya şəraitində keçən dəyirmi masanı giriş sözü ilə açan İctimai-Siyasi Universitetin rektoru, professor, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Nəbiyev Ulu Öndər Heydər Əliyevin anım mərasimlərinin təkcə Azərbaycanda deyil, dünyanın hər yerində keçirildiyini qeyd edib.

Bildirib ki, bu gün Azərbaycan dövlətinin və xalqının qazandığı nailiyyətlər, əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyevin siyasətinin bəhrəsidir: “Ulu Öndər Heydər Əliyev bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən qüdrətli şəxsiyyətdir. Onun qurduğu dövlət dünyada böyük nüfuza və hörmətə malikdir. Nə qədər Azərbaycan xalqı və dövləti var Ulu Öndər Heydər Əliyev ideyaları da yaşayacaq”.

Çıxışının sonunda R.Nəbiyev onu da bildirib ki, Heydər Əliyev ruhu daim bizimlədir, aramızdadır. Ona Allahdan rəhmət diləyir, ruhunun şad olmasını diləyirik. Tədbirdə çıxış edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahir dillər əzbəri olan və dinlədikcə insanları kövrəldən “Birincilər” şeirini söyləyib. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə, Onun xalqa, dövlətə xeyirli, gərəkli əməllərinə həsr olunan şeir tədbir iştirakçıları tərəfindən böyük coşqu hissi ilə qarşılanıb.

Tədbirdə çıxış edən Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMM-nin vitse-prezidenti Rasim Məmmədov Ulu Öndər Heydər Əliyevin Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyətlərdəndir: “Diqqət və nəzər yetirsək, bəlli olar ki, Azərbaycanın inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə Dahi Öndər Azərbaycanı parçalamaqdan, dövlət müstəqilliyinin məhv olmasından xilas etdi. Onun müdrik siyasəti nəticəsində ölkədə möhkəm əsaslara malik ictimai-siyasi sabitliyə, xalqın yüksək təminatına xidmət edən iqtisadi inkişafa nail olundu”.

R.Məmmədov bu gün Azərbaycanın dünya birliyində özünə layiqli yer tutduğunu bildirərək, qeyd edib ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, nüfuzlu beynəlxalq təşkilatların ardıcıl olaraq, konfranslarının, simpoziumlarının respublikamızda keçirilməsi Azərbaycanın artan nüfuzunun Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir.

Daha sonra çıxış edən DAMM-ın “Bura vətəndir” məclisinin sədri, əməkdar mədəniyyət işçisi Sürəyya İsmayılova Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin hələ 1969-1982-ci illərdə İttifaq Respublikaları arasında öz inkişafına görə geridə qalan Azərbaycanı inkişaf edən aparıcı respublikalardan birinə çevirdiyini söyləyib. Bildirib ki, o zaman Azərbaycan gənclərini İttifaqın müxtəlif universitetlərinə təhsil almağa göndərən Ulu Öndər bununla gənclərin bilikli, savadlı, vətənə, torpağa sevgi ruhunda böyüməsinə önəm verdiyini nümayiş etdirirdi. S.İsmayılovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda yeni tarix yaratdı. Bu tarix Azərbaycanın müstəqilliyinin əbədiliyinə, Azərbaycan xalqının adının dünya xalqları arasında mühüm, əhəmiyyətli yer qazanmasına hesablanıb.