Qaradağ rayonu Müşviq qəsəbəsində yerləşən E.Şirəliyev adına 274 saylı tam orta ümumtəhsil məktəbin şagird-müəllim heyəti ilə Azərbaycanın ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Söhrab Tahirin görüşü olub.
Xalq şairi S.Tahirlə şagirdlər və müəllimlər arasında baş tutan görüşdə “Sabitlik və İnkişaf Mərkəzi”nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) vitse-prezidenti Rasim Məmmədov, Azərbaycan Texniki Universitetin müəllimi, şair Əvəz Lələdar, “Təzadlar” qəzetinin baş redaktor müavini Elçin Məmmədli də iştirak edib.
Görüşdə S.Tahirin yaradıcılığı haqqında məlumat verilmiş, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni ideya-estetik xüsusiyyətlərdən danışılmışdır.
“Təzadlar” qəzetinin baş redaktor müavini E.Məmmədli xalq şairi S.Tahirin ədəbiyyatımıza gətirdiyi yeniliklərdən danışaraq bildirmişdir ki, S.Tahir yaradıcılığı ədəbiyyatın özündə bir hadisədir: “Bu yaradıcılıq olmasa idi, Söhrab Tahir nəfəsi olmasa idi, ədəbiyyat bir o qədər kasıb görsənərdi. O, Azərbaycan ədəbiyyatının müqtədir söz sahiblərindən biri, o taylı-bu taylı Azərbaycan məhəbbətini ürəyində gəzdirən böyük söz ustasıdır”.
Şair Ə.Lələdar çıxış edərək S.Tahirin şeirlərinin insanlarımızın, gənclərimizin ruhuna yaxınlığından danışmışdır. Bildirmişdir ki, bütün gənclər S.Tahir yaradıcılığından bəhrələnməli, bu yaradıcılıqdan bir mayak kimi istifadə etməlidirlər: “S.Tahirin 87 yaşı var, amma bu onun ruhunda özünü göstərmir. Onun ruhu həmişə cavandır, çünki bu ruhda bütöv Azərbaycan yanğısı, sevgisi, hərarəti var. S.Tahir yaradıcılığı insanda millətə, azadlığa, düzlüyə, ülviyyətə çağırır”.
Daha sonra çıxış edən “Sabitlik və İnkişaf Mərkəzi”nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov bildirmişdir ki, S.Tahirlə görüş hər bir azərbaycanlıda böyük fəxr hissi yaradır, çünki onun yaradıcılığında hər bir azərbaycanlının istəkləri, duyğuları, arzuları yer alıb: “Ən əsası, vətən, torpaq sevgisi, vahid Azərbaycan yanğısı, təmiz, ülvi məhəbbət, əxalqi-didaktik çalarlar, daim gənc və gümrah qalmağa çağırış Söhrab Tahir yaradıcılığının ana xəttini təşkil edir. Söhrab Tahir sağlığında özünə heykəl qoyan, millətimizin qəlbində özünə ayrıca bir guşə ayıran, ruhu Arazın o tayını da, bu tayını da işıqlandıran əvəzolunmaz şairimizdir. Arazın o tayında Şəhriyar həsrəti, bu tayında Söhrab Tahir yanğısı bizi birliyə, saflığa, bölünməzliyə səsləyir. Məhz ali dəyərlərə sahib olmaq üçün Söhrab Tahir yaradıcılığından bəhrələnmək, onu sevmək, ruhən qidalanmaq vacibdir”.
Daha sonra 274 saylı məktəbin şagirdləri Söhrab Tahirin şeirlərindən hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Şagirdlər xalq şairi S.Tahirin “Bududlar”, “Daha”, Mənzərə”, “Novruz bayramı”, “Ana hökmdar” şeirlərini böyük məharətlə ifa ediblər. Həmçinin, şagirdlər Azərbaycan musiqisindən parçalar ifadə etmiş, mədəniyyətimizin incisi sayılan rəqslər göstərmişlər. Məktəb şagirdlərinin oxuduğu muğamlar xalq şairi S.Tahirdə xüsusi təəssürat yaratmışdır.
Görüşün sonunda xalq şairi S.Tahir çıxış edərək gənclərlə görüşdən məmnun qaldığını, bu görüşlərin onu cavanlaşdırdığını bildirmişdir: “Mən sizlər üçün yazmışam, ona görə ki, bizim ruhumuz heç vaxt qocalmasın, ölməsin, hamımız bir yumruq kimi birləşək, qəlbimizdən millət, vətən sevgisi əskik olmasın: “Əziz, gənclər, mən sizlərlə görüşdən böyük təəssuratla ayrılıram. Mən sizin simanızda Azərbaycanın gələcək qüdrətini, gücün gördüm. Mən sizlərdə məhəbbət, savad, istedad, səmimiyyət, böyüyə hörmət, ədəbiyyatımıza diqqət gördüm. Mən sizlərin hər birinizin adını, çıxışlarınızı öz xatirələrimdən qeyd edəcəm. Mənim şeirlərimizi pərvazlandırdınız, şeirlərimi sizin dilinizdən dinlədikcə sevindim, bu yaşımda güc aldım. Sizlərlə görüşə mən hər zaman gəlməyə hazıram, sizləri görmək üçün uzun yolları da piyada qət edib gəlmək olar”.