"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

Sankt-Peterburqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun 10 illiyi qeyd edilib.

Mayın 3-də Sankt-Peterburq Filarmoniyasının Kiçik Salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illiyinə həsr edilmiş təntənəli konsert olub.

Konserti Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Rusiyadakı nümayəndəliyi Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu ilə birlikdə təşkil edib.

Tədbirdə Sankt-Peterburq administrasiyasinin nümayəndələri, Sankt-Peterburqdakı diplomatik korpusun rəhbərləri, muzey və kitabxana direktorları, aparıcı ali məktəblərin rektor, müəllim və tələbələri, habelə Rusiyanın Şimal paytaxtındakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycanının Rusiyadakı səfiri Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyev siyasətindən danışıb, ölkənin onun sayəsində sabit və dinamik inkişaf yoluna çıxdığını bildirib. P.Bülbüloğlu Heydər Əliyev Fondunun təhsil, mədəniyyət, idman və səhiyyə sahələrində gördüyü işlərdən, xarici ölkələrdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən də danışıb.

Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolunu vurğulayıb, Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyətindən söz açıb.

Tədbirdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Rusiya Federasiyasının daxili xidmət general-leytenantı Aleksandr Volox, Milli Məclisin deputatı Jalə Əliyeva da çıxış ediblər.

Çıxışlardan sonra başlayan konsertdə Sankt-Peterburq Universitetinin Kamera Orkestrinin ifasında F.Əmirov, Q.Qarayev, Niyazi, V.Mustafazadə, S.Raxmaninov , E.Kurtisin və Kərəm Əkbərovun əsərləri səsləndirilib.

Konsertin bədii rəhbəri və baş dirijoru Rusiyanın Əməkdar Artisti Andrey Alekseyev, dirijoru Azərbaycanın Xalq Artisti Teymur Göyçayev olub.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan fotosərgi təşkil olunub, film nümayiş etdirilib.