AZE | ENG

 

 

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Heydər Əliyev

header photo

Ulu Öndər Heydər Əliyev milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır.

1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkül tapmasında yeni bir mərhələnin başlanğıcını qoydu.
Dahi siyasətçinin seçdiyi yol ölkənin ictimai həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara səbəb oldu. Belə ki, Azərbaycan qısa vaxt çərçivəsində iqtisadi göstəricilərinə, intellektual potensialına görə Sovet İttifaqı daxilində ön sıralara çıxdı. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə böyük sıçrayışlarla nəticələndi. Heydər Əliyev elmə, mədəniyyətə, ədəbiyyata xüsusi diqqət və qayğı göstərirdi. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin, ədib və şairlərinin, həyat və yaradıcılığında özünü göstərən bu diqqət, respublikada azad fikirli ziyalıların təqibinə birdəfəlik son qoydu.
Ümummilli lider Heydər Əliyev təbiətən demokratik ruhlu bir şəxsiyyət olduğundan ayrı-ayrı bədii əsərlərdə, elmi monoqrafiyalarda Sovet quruluşunun ünvanına yönəldilmiş tənqidlərə olduqca dözümlü münasibət bəsləyir və cəmiyyətin müxtəlif sahələrində təzahür edən çatışmazlıqların üzə çıxarılmasına əlverişli imkan yaradırdı. O, xüsusilə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqət mərkəzində saxlayırdı. Bəxtiyar Vahabzadənin “Latın dili” şeirinin və “Gülüstan” poemasının, İsmayıl Şıxlının “Dəli kür” romanının, “Dədə Qorqud”, “Babək”, “Bir cənub şəhərində”, “İstintaq” filmlərinin, “Şəhərin yay günləri” tamaşasının məhz 70-ci illərin məhsulu olması və s. bütün bunlar Ümummilli lider Heydər Əliyevin vətənpərvərliyinin, xalq təəssübkeşliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir.
1970-80-ci illərdə Heydər Əliyev qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdir.
Həmin dövrdə mövcud siyasi reallıqlar milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin qurulması, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” cəmiyyəti) yaradılması və soydaşlarımızın Vətənlə ayrılmaz tellərlə bağlanması mühüm addımlardan biri idi. Eyni zamanda, respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata yurduna maraq və bağlılığı artırırdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırdı. Məhz elə bu qayğı və diqqətin sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanmışdır. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın inkişafına öz töhfələrini versə də, onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdır. Bir sözlə, 70-80-ci illərdə Sovet dövlətində gedən respublikalararası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən isə elm və mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərmişlər.
Ulu öndər Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu.
Azərbaycanda milli oyanış daha geniş vüsət almışdır. 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, xalqı vahid qüvvə kimi birləşdirdi. Ulu öndər Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltdı, dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Lakin həmin məqamda respublikamızda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi.
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz, qarşısıalınmaz xarakter almışdır. Bu yalnız Azərbaycan vətəndaşlarının deyil, xaricdə yaşayan bütün soydaşlarımızın milli təfəkküründə əsaslı dönüşün nəticəsi oldu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin təmin olunması prosesində fəal iştirak etməyə çağırırdı.
Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir.
Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I Qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 230-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri idi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
2002-ci ilin 5 iyulunda Ulu öndər Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur.
Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Sərəncamını Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirməyə layiqdir.
Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu diaspora siyasəti müstəqil Azərbaycanın işıqlı sabahından xəbər verir.
Rasim MƏmmƏdov,
Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin
vitse-prezidenti

Go Back

Comments for this post have been disabled.